Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:50

Madrid prinsiplərinin yeni versiyası da peyda olub


Edvard Nalbandyan
Edvard Nalbandyan
Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan iddia edir ki, ötən ay – iyunun 17-də prezidentlərin Sankt-Peterburq görüşündə dövlət başçılarına Qarabağ münaqişəsinin həllinə dair yeni beynəlxalq sənəd verilib. Bu da «Madrid prinsiplərinin yeni versiyası»dır.

Ermənistanın Xarici İşlər naziri Eduard Nalbanyan iyulun 14-də Yerevanda polşalı həmkarı Radoslaw Sikorski ilə birlikdə mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair yeni beynəlxalq plan verilib. Onun iddiasına görə, yeni sənəd prezidentlərə iyunun 17-də Sankt-Peterburq görüşü zamanı verilib.

Nalbandyan yeni sənədi 2007-ci ildə Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin tərəflərə təqdim etdikləri «Madrid prinsiplərinin yeni versiyası» adlandırıb.

Nalbandyan deyib ki, hazırda vasitəçilər iyulun 16-17-də Almatıda Azərbaycan, Ermənistan və Minsk Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin beştərəfli görüşünü təşkil etməyə çalışırlar:

AZƏRBAYCAN YENİ VARİANT ƏSASINDA DANIŞIQLARI DAVAM ETDİRMƏYƏ RAZIDIRMI?


- Əgər bu görüş alınarsa, birinci növbədə aydınlaşdırılmalıdır ki, Azərbaycan həqiqətən də Sankt-Peterburqda verilmiş Madrid prinsiplərinin yeni variantı əsasında danışıqları davam etdirməyə razıdırmı?

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov
Keçən həftənin sonunda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə bildirmişdi ki, Almatıda əsas müzakirə mövzularından birinin Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması yollarının tapılması ola bilər. Onun bildirdiyinə görə, danışıqların əvvəlki mərhələlərində sülh sazişindən beş il sonra bu rayonların Azərbaycanın nəzarətinə qaytarılması razılaşdırılıb. Amma sonuncu Sankt-Peterburq görüşündə Ermənistan da əvvəl razılaşdırılmış bu məsələni yenindən müzakirəyə çıxarıb.

Yerevanda isə Xarici İşlər naziri Eduard Nalbandyan belə bir razılaşmanın mövcudluğunu inkar edib.

Nalbandyan iddia edir ki, bu ilin yanvarında prezidentlərin Soçi görüşü zamanı danışıqları Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirləri formatında davam etdirmək qərara alınmışdı:

- Rusiyanın bu cür vasitəçiliyini o biri həmsədr ölkələr, Fransa və ABŞ-da müdafiə etmişdi. Həmin formada müzakirələrin yekunu kimi də iyunun 17-də prezidentlərin Sankt-Peterburq görüşündə Madrid prinsiplərinin yeni variantı dövlət başçılarına təqdim edildi.

NALBANDYAN DANIŞIQLARIN FORMATINI DƏYİŞİB?

Amma Azərbaycanın Xarici İşlər Nazirliyində Bakının belə bir sənədi tanımadığını, Azərbaycanın 2009-cu ilin dekabrında həmsədr ölkələrin təqdim etdikləri Madrid prinsiplərinin yenilənmiş variantına razılıq verdiyi deyilir. İndi müzakirələr də həmin sənədin üzərində gedir:

- Bəlkə də cənab Nalbandyan birtərəfli qaydada, heç kimə demədən danışıqların formatını dəyişib. Bu gün müzakirələr iki münaqişə tərəfi – Azərbaycan, Ermənistan və vasitəçilik edən üç həmsədr ölkələrin nümayəndələri arasında gedir. Xatırladım ki, Sankt-Peterburq şəhərində görüş Rusiyanın təşəbbüsü ilə təşkil edilmişdi. Orada üç həmsədr ölkədən yalnız birinin nümayəndəsi iştirak edirdi. Bu görüşdə isə yalnız «Yeniləşmiş Madrid prinsipləri» adlanan sənədlə bağlı olan işçi məqamlar müzakirə edilib.

Elxan Poluxov bildirir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iyulun 16-17-də Almatıda Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyanla görüşməyə razılıq verib. Amma hələlik Yerevandan dəqiq cavab yoxdur və həmsədrlər bu görüşü təşkil etmək üzərində işləyirlər.
XS
SM
MD
LG